Vergi sahəsində insan hüquqlarının qorunması və vətəndaş məmnunluğunun artırılması müzakirə olunub
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində vergi ödəyiciləri və sahibkarlarla görüş keçirilib.
Tədbirdə “Vergi sahəsində insan hüquqlarının qorunması” mövzusunda məlumat verilib. Bildirilib ki, vergi sistemində həyata keçirilən islahatlar və rəqəmsallaşma prosesləri vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın təmin olunmasına və insan hüquqlarının müdafiəsinə xidmət edir.
Qeyd olunub ki, vergi inzibatçılığında əsas məqsəd yalnız fiskal daxilolmaların təmin edilməsi deyil, eyni zamanda sosial ədalət, hüquqi bərabərlik və sahibkarlıq mühitinin qorunmasıdır. Bu çərçivədə Vergi ödəyicilərinə xidmət mərkəzlərində həssas qruplara – şəhid ailələri, müharibə veteranları, qazilər və əlilliyi olan şəxslərə xüsusi diqqət və növbədənkənar xidmətlərin göstərildiyi vurğulanıb.
Tədbirdə həmçinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində yaradılan şərait, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər və Vergi Ombudsmanı institutunun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ombudsman institutu vergi ödəyicilərinin hüquqlarının qorunması, müraciətlərin araşdırılması və sistemli problemlərin həlli istiqamətində mühüm rol oynayır.
Qeyd olunub ki, vergi orqanlarının fəaliyyətinin əsas prinsipləri şəffaflıq, ədalət, peşəkarlıq və vətəndaş məmnunluğudur. Dövlət Vergi Xidməti bundan sonra da insan hüquqlarının qorunması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.