-
1. Əmlak vergisi üzrə
-
Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi üzrə vergitutma obyektləri olan müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr (yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri üzrə) əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik əmlak vergisi üzrə son hesablama aparmaqla (Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) əmlak vergisini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir əmlak vergisinin bəyannaməsini verməlidir. Fiziki şəxslər əmlak vergisi üzrə bəyannamə təqdim etmirlər. Bələdiyyələr əmlak verginin ödənilməsi barədə tədiyyə bildirişini fiziki şəxsə cari ilin avqustun 1-dən gec olmayaraq verməli, fiziki şəxslər cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək yerli (bələdiyyə) büdcəyə ödəmələrdirlər. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi qeyd olunan ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
-
2. Aksizlər üzrə
-
Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edən müəssisələr və fiziki şəxslər hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir. Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur. Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
-
3. Əlavə dəyər vergisi üzrə
-
ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. ƏDV-nin ödəyicisi olan şəxslər, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində xidmət göstərilməsi və ya iş görülməsinə görə ona ödəmələr verən ƏDV-nin ödəyicisi olan və ya olmayan şəxslər (vergi agentləri) ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməlidirlər. ƏDV ödəyicisi olmayan şəxslər hesablanan ƏDV-ni qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində, ƏDV ödəyiciləri olan şəxslər isə hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısıvergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
-
4. Mənfəət vergisi üzrə
-
Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir və müvafiq bəyannaməni həmin orqana təqdim edirlər. Vergi ödəyicisi olan hüquqi şəxs fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən mənfəət vergisinin bəyannaməsini verməlidir.
-
5. Gəlir vergisi üzrə
-
Azərbaycan mənbəyindən gəlir əldə edən və ödəmə mənbəyində vergiyə cəlb olunmayan rezident və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən Azərbaycan Respublikasının rezident fiziki şəxsləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) fiziki şəxslər gəlir vergisini dövlət büdcəsinə ödəyirlər. Gəlir vergisinin ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya fəaliyyətinə xitam verdikdə, vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən gəlir vergisi bəyannaməsini 30 gün müddətində vergi orqanına verməlidir. Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər. 1.1. Xüsusi notarius kimi fəaliyyət göstərən fiziki şəxslər isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınaraq gəlir vergisinin ödəyicisi sayılmaqla gəlir vergisinə cəlb olunurlar. Belə ki, həmin şəxslər tərəfindən ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hə- rəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə aldıqları haqlardan Vergi Məcəlləsinin 101.4-cü maddəsinə əsasən xərclər çıxılmadan 10 faiz dərəcə ilə gəlir vergisi hesablanır, hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Xüsusi notariusların gəlir vergisi bəyannaməsi" qeydiyyatda olduqları vergi orqanına təqdim edilir. Xüsusi notariusların notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərdikləri xidmətlərdən isə ƏDV tutulmur. 1.2. İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək "İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi"ni vergi orqanına verməyə borcludurlar. Lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident şəxslər tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə isə bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində gəlir vergisi hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək müvafiq bəyannaməni vergi orqanına təqdim etməyə borcludurlar.
Bu və ya digər vergi növü üzrə vergi öhdəliyi olan vergi ödəyiciləri qanunvericilikdə göstərilən müddətdən gec olmayaraq uçotda olduqları vergi orqanına bəyannamə təqdim etməlidirlər. Bəyannamənin təqdimetmə (habelə verginin ödənilmə) müddətinin sonuncu günü qeyri-iş gününə düşdüyü halda bəyannamə ən geci növbəti iş günü təqdim edilməlidir. Mövcud qanunvericiliyə əsasən müxtəlif vergi növləri üzrə vergi bəyannamələrini təqdim etməli olan şəxslər aşağıdakı kimi müəyyənləşdirilmişdir.