DÖVLƏT VERGİ XİDMƏTİ // Əsasnamə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2023-cü il 29 dekabr tarixli 225-VI FR nömrəli
Fərmanı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat

Nazirliyi yanında Dövlət Vergi Xidmətinin

 

ƏSASNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində Naxçıvan Muxtar Respublikasında vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsini (bundan sonra – Vergi Məcəlləsi) və Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) ilə, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmətdə qulluq dövlət qulluğunun xüsusi növü olmaqla, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Xidmətin vəzifəli şəxsləri xüsusi rütbələrə uyğun olaraq geyim forması daşıyırlar.

1.5. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Naxçıvan Muxtar Respublikasının büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Xidmət Naxçıvan şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. dövlət vergi siyasətinin formalaşmasında iştirak etmək;

2.0.2. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;

2.0.3. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

2.0.4. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin etmək;

2.0.5. qanunla müəyyən olunmuş qaydada kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək;

2.0.6. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi nəzarətinin həyata keçirilməsini təmin etmək.

3. Xidmətin vəzifələri

3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:

3.0.1. vergi münasibətlərini, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

3.0.2. müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək;

3.0.3. ölkədə və muxtar respublikada aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək;

3.0.4. vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək;

3.0.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək;

3.0.6. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək;

3.0.7. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatı aidiyyəti dövlət orqanlarına və Dövlət Vergi Xidmətinə təqdim etmək;

3.0.8. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək;

3.0.9. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;

3.0.10. kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq;

3.0.11. vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq;

3.0.12. siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq;

3.0.13. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarının tərtib edilməsində təkliflər vermək;

3.0.14. vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək;

3.0.15. sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla) subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;

3.0.16. Azərbaycan Respublikasının vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə əvəzsiz izahların verilməsini təmin etmək;

3.0.17. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək;

3.0.18. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;

3.0.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək;

3.0.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.0.21. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.0.22. dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.0.23. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.0.24. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək; 

3.0.25. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.0.26. Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.0.27. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.0.28. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.0.29. fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.0.30. Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

4. Xidmətin hüquqları

4.0. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

4.0.1. müvafiq sahədə islahatların aparılmasına dair təkliflər vermək;

4.0.2. Nazirliklə razılaşdırılmaqla beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının muxtar respublikada keçirilməsini təşkil etmək;

4.0.3. müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vemək; 

4.0.4. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.5. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək;

4.0.6. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.7. strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;

4.0.8. strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək;

4.0.9. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;

4.0.10. xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı təkliflər vermək;

4.0.11. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək;

4.0.12. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək;

4.0.13. vergi nəzarəti tədbirləri həyata keçirilərkən Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək;

4.0.14. vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək və aşkar edilmiş vergidən yayınma sxemlərini dərc etmək;

4.0.15. maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;

4.0.16. qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclara faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;

4.0.17. qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;

4.0.18. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək;

4.0.19. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Naxçıvan Muxtar Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək;

4.0.20. nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək;

4.0.21. lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda, qanuna və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarına uyğun olaraq müvafiq tədbir görmək;

4.0.22. lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə lisenziya və ya icazə verən orqan qarşısında vəsatət qaldırmaq;

4.0.23. nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək;

4.0.24. hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə (əmlak satışı ilə bağlı olmayan iddia), yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının, eləcə də dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakın satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;

4.0.25. qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq;

4.0.26. dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq;

4.0.27. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

4.0.28. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat və istintaq aparmaq;

4.0.29. müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;

4.0.30. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;

4.0.31. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək;

4.0.32. Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Xidmətin fəaliyyətinin təşkili

5.1. Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

5.2. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını Nazirlik təadiq edir;

5.3. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Rəisin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 2 (iki) müavini vardır. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Rəis:

5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.5.3.Xidmətin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir, qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

5.5.5. Xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların əsasnamələrini və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edir;

5.5.6. Xidmət rəisinin müavinləri istisna olmaqla, Xidmətin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, Xidmətin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.7. Xidmətin işçilərinə qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr və ixtisas dərəcələri verir, işçilərin ixtisasının artırılması, həmçinin onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

5.5.8. xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması məqsədilə təqdimat verir;

5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar və Vergi Məcəlləsinə uyğun olaraq qərarlar qəbul edir və onların, habelə Nazirliyin qəbul etdiyi normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.10. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini, o cümlədən hüquqi aktların layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim edir;

5.5.11. Xidmətə dövlət büdcəsindən, büdcədənkənar və qanunda nəzərdə tutulmuş digər mənbələrdən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir və həmin vəsaitin xərclənməsinə dair hesabatları aidiyyəti üzrə təqdim edir;

5.5.12. öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə həvalə edə bilər;

5.5.13. Xidmətin fəaliyyəti barədə Nazirliyin müəyyən etdiyi qaydada və müddətlərdə Nazirliyə hesabat verir;

5.5.14. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Xidməti təmsil edir;

5.5.15. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir.

5.5. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.6. Xidmət öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şuranın yaradılması barədə Nazirliyə təkliflər verir.