Şagirdlər arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş vergi viktorinası təşkil olunub
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili təmayüllü Gimnaziyada maarifləndirici tədbir keçirilib. Görüşün əsas məqsədi şagirdlərə vergi mədəniyyəti, vergi savadlılığı və insan hüquqları və vəzifələri haqqında fundamental biliklərin çatdırılması olub.
Tədbirdə çıxış edən Gimnaziyanın direktoru Nazim Rəhimov bu kimi maarifləndirici tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Gimnaziyada həyata keçirilən tədris fəaliyyətinin əsas məqsədi şagirdlərin yalnız akademik biliklərlə deyil, həm də sağlam hüquqi, sosial və vətəndaşlıq düşüncəsi ilə yetişməsidir.
Tədbirdə çıxış edən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Zahid Qənbərov Azərbaycanın müasir vergi sisteminin keçdiyi inkişaf yolundan bəhs edib. Vergilərin növləri, dövlətin inkişafında rolu, iqtisadi təhlükəsizlik və sabitlik, həmçinin vergilərin sosial-iqtisadi rifahın təmin edilməsində əhəmiyyəti barədə məlumat verib.
Daha sonra şagirdlərdən ibarət altı komanda arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş vergi viktorinası keçirilib. Yarışmada fəallığı ilə seçilən qalib “Şuşa” komandasının üzvləri tədbirin sonunda qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonda vurğulanıb ki, vergi mədəniyyətinin formalaşdırılması, hüquqi biliklərin artırılması və vətənpərvərlik dəyərlərinin aşılanması gələcək nəsillərin şüurlu, məsuliyyətli və dövlətçilik ənənələrinə sadiq vətəndaş kimi yetişməsində mühüm rol oynayır.