Ordubad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin istifadə səviyyəsi yüksəlir

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində bölgədə fəaliyyət göstərən sahibkarlarla Vergi ödəyicilərinə xidmət mərkəzinin imkanları və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklərin izahı ilə bağlı görüş keçirilmişdir.

Tədbirdə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov nəzərə çatdırmışdır ki, cari ilin fevral ayında istifadəyə verilmiş müasir dizaynlı və ən son avadanlıqlarla təchiz edilmiş xidmət mərkəzində respublika üzrə bütün vergi ödəyicilərinə, o cümlədən 4 saylı Ərazi Vergilər İdarəsi üzrə 9000 artıq vergi ödəyicisinə vergi sahəsində bütün xidmətlər təqdim edilir və bütün vətəndaşların vergi məsələlərinin həllinə dəstək göstərilir. Həmçinin, Mərkəzdə şəhid ailələləri və qazilərin, məhdud fiziki imkanlı şəxslərin xidmətlərdən növbədənkənar yararlanması üçün xidməti otaq da yaradılmışdır. Bununla yanaşı mərkəzdə özünəxidmət masaları da mövcuddur ki, vergi ödəyiciləri öz hesabatlarını təqdim edə və  hazır sənədləri çap edə bilirlər. Mərkəzdə vətəndaşlara Vergi orqanlarında uçot haqqında şəhadətnamənin və həmin şəhadətnamənin yeni nüsxəsinin  verilməsi, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi, ASAN imza sertifikatı xidmətlərinin göstərilməsi, hazır sənədlərin götürülməsi və vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı məlumatların verilməsi  xidmətləri göstərilir.

Görüşdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə slaydlar vasitəsilə təqdimat edilmiş, sahibkarlara ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, Vergi Məcəlləsinə bir neçə əsas istiqamət üzrə təşviqedici və tənzimləyici müddəalar daxil edilmişdir ki, bu dəyişikliklər sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi və s. istiqamətləri əhatə edir.

Sahibkarlar mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. Bildirilib ki, cari ilin mart ayı ərzində muxtar respublikada fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 2.112 vətəndaş qəbul edilmiş və onlara 2.411  xidmət göstərilmiş, o cümlədən Ordubad şəhərində yerləşən Xidmət mərkəzi tərəfindən 215 şəxs qəbul edilmiş və onlara 246 xidmət göstərilmişdir. Mərkəzdə qeyd edilən dövrdə 82 Asan İmza sertifikatı verilmişdir. Həmçinin, Mərkəzdə, vətəndaş məmnunluğunun artırılması məqsədilə könüllük fəaliyyəti təşkil olunmuşdur. Könüllülər Mərkəzə müraciət edən vətəndaşların qarşılanması, onlara müxtəlif vergi xidmətlərdən yararlanması üçün köməklik göstərirlər.

Sonda Vergi Məcəlləsilə edilmiş dəyişikiklərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb və Mərkəzin fəaliyyətini özundə əks etdirən bukletlər paylanılıb.