Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır
2024-cü ilin yanvar-aprel aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 13.004 şəxs qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim edilməsi, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 17.196 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.
Cari ilin yanvar-aprel aylarında vergi ödəyicilərinə 193.234 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 35 görüş keçirilib, 227 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.749 müraciət üzrə 3.206 Asan İmza sertifikatı verilib.
2024-cü ilin 4 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 12.136 şəxs qəbul edilib və onlara 16.184 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət strukturları tərəfindən göstərilən xidmətərin sayından 1,6 dəfə çoxdur.