Naxçıvanda “Təqib və İzləmə” sistemi tətbiq edilir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılan Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınmasında və son nəticədə istehlakçıların hüquqlarının qorunmasında çox mühüm rola malikdir. “Track and Trace” (“Təqib və İzləmə”) sistemi Vergi Məcəlləsinin 50-2.1-ci və 194.1-ci maddələri və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu sistem istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinə nəzarətin həyata keçirilməsinə imkan verir. Həmçinin sistem vasitəsilə markaların sifarişi, çatdırılması barədə bildirişlərin verilməsi, aktivləşdirilməsi, izlənilməsi, eləcə də dövriyyəsi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması və verilməsi həyata keçirilir.

Sistemdən istifadə zamanı diqqət yetirilməli əsas məsələlərdən biri markalanmalı malların dəqiqləşdirilməsidir. Belə ki, aksiz markası və məcburi nişanlanma tətbiq olunan mallara içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları, şərab və şərab materialları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan), yalnız məcburi nişanlama tətbiq olunan mallara isə tütün məmulatları, elektron siqaretlər üçün maye, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri (Müsadirə olunmuş tütün məmulatları, elektron siqaretlər üçün maye, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri istisna olmaqla) aid edilir.

Məlumat üçün bildirilir ki, Təqib və izləmə sistemindən istifadə hüququ Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, həmçinin sifarişçilər, markalanmalı malların satıcıları və markalanmalı malların istehlakçılarına verilir. Markalanmalı malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yalnız həmin malların üzərinə tətbiq edilən markaların sifarişçilər tərəfindən aktivləşdirilməsindən sonra yol verilir.

Qeyd edək ki, tütün məmulatlarının üzərində aksiz markasının olmaması bu məhsulların markalanmadığı anlamına gəlmir. Mövcud qanunvericiliyə uyğun olaraq, tütün məmulatlarının üzərində yalnız məcburi nişanlama kodunun olması, həmin məmulatların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə imkan verir və bu nişanlanma kodu aksiz markasını əvəz edir.