Naxçıvanda sahibkarlarla açıq müzakirələr edilib

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən ilin yekunlarına həsr olunmuş dialoq-görüşdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan tabeliyindəki qurumların, eləcə də digər aidiyyəti qurumların rəhbər heyətləri iştirak ediblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək bildirib ki, iqtisadiyyatın dayanıqlı inkişafında özəl sektorun rolu xüsusi əhəmiyyət daşıyır və dövlət qurumları ilə sahibkarlar arasında açıq dialoq bu xüsusda vacib xarakter daşıyır. O, sahibkarların qarşılaşdığı problemlərin qanunvericilik çərçivəsində operativ şəkildə həllinin, onların təklif və təşəbbüslərinin nəzərdən keçirilməsinin önəmini diqqətə çatdırıb.

Nazir həmçinin bildirib ki, qarşıdakı dövrdə investisiya mühitinin daha da cəlbedici edilməsi, ixrac imkanlarının genişləndirilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması və innovativ layihələrin dəstəklənməsi əsas prioritetlər sırasında olacaq.

Çıxışında Kazım Hüseynəliyev sahibkarları fəallığa çağırıb, dövlətin hər zaman onların yanında olduğunu və birgə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunacağını qeyd edib.

Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan tabeliyindəki qurumların rəhbər heyəti sahibkarlar tərəfindən ünvanlanan sualları cavablandırıblar.