Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib
Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər
Naxçıvan şəhərindəki Biznes Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunduğunu bildirib, əlamətdar gün münasibətilə muxtar respublika sahibkarlarını təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Səlahiyyətli nümayəndə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə özəl sektorda sistemli islahatlar aparılır. Bunun nəticəsidir ki, ölkəmizdə sağlam iqtisadi inkişaf modeli formalaşıb, makroiqtisadi sabitliyə nail olunub, sosial rifah göstəriciləri yüksəlib. Belə ki, 2003-cü illə müqayisədə ümumi daxili məhsulumuz 7 milyard dollardan 72 milyard dollara, valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 69,5 milyard dollara, minimum əməkhaqqı 9 manatdan 345 manata, minimum pensiya 20 manatdan 280 manata çatdırılıb, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə düşüb.
“Bu gün Azərbaycanda özəl sektorun inkişafı, istehsalın genişləndirilməsi və ixrac potensialının artırılması iqtisadiyyatın strateji prioritetlərindəndir”, - deyən Fuad Nəcəfli vurğulayıb ki, dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”ın formalaşdırılması əsas hədəf kimi götürülüb. Hazırda ölkəmizdə inkluziv və özəl təşəbbüslərə əsaslanan iqtisadi artımın təmin edilməsi, cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, ixracatın diversifikasiyası, biznesə dost dövlət idarəetməsinin yaradılması və xarici bazarlara yerli məhsulların çıxışının artırılması, ticarət rejimlərinin daha da liberallaşdırılması təməl prinsiplər kimi müəyyənləşdirilib. Reallıq ondan ibarətdir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlar sırasında institusional tədbirlər də xüsusi yer tutur. Ötən dövrdə məhkəmə-hüquq sistemində şəffaflıq artırılıb, haqsız rəqabətin qarşısı alınıb, dövlət vergi və gömrük siyasəti sahibkarlıq fəaliyyətinə uyğun stimullaşdırılıb.
Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda özəl sektorun inkişafı ilə bağlı mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Əlverişli biznes mühitinin yaradılması, hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, bank və sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiqi, ən əsası isə azad iqtisadi zonaların yaradılması Dövlət Proqramında nəzərdə tutulan vəzifələrdir. Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə edən Azad iqtisadi zonanın yaradılmasına hazırlıq məqsədilə aidiyyəti qurumların rəy və təklifləri əsasında xüsusi iqtisadi rejimin tətbiq edilməsi ilə bağlı konsepsiya və hüquqi sənədlər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Həmçinin, Dövlət Proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması və ixraca logistik dəstək verilməsi sahəsində də işlər aparılır.
Fuad Nəcəfli qeyd edib ki, sahibkarlığın inkişafında diqqətə alınacaq ilk məsələ ixrac mexanizminin düzgün qurulmasıdır. Bu işdə sahibkarların üzərinə düşən məsələ rəqabətqabiliyyətli məhsul istehsal etməkdirsə, dövlətin öhdəlikləri isə logistik dəstək, gömrük və vergi güzəştləri, təşviqat metodlarının müəyyən edilməsi və digər bu kimi tədbirlərdir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın üçüncü prioritet istiqaməti də “İxracyönlü sənayenin yaradılması” ilə bağlıdır. Artıq bu istiqamətdə də tədbirlərin icrasına başlanılıb. Xüsusilə də sənaye parklarının yaradılması, Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təmin edilməsi, ixrac coğrafiyasının şaxələndirilməsi, ixracyönümlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması davam etdirilir. Dövlət Proqramı Naxçıvanda digər sahələr kimi, özəl sektorun inkişafı üçün də geniş imkanlar açacaqdır.
Səlahiyyətli nümayəndə bildirib ki, qarşıda bizi mühüm vəzifələr gözləyir. Dövlət özəl sektorun inkişafı ilə bağlı öhdəlikləri yerinə yetirir. Sahibkarlar da bu işə dəstək verməli, muxtar respublikada dövlət-özəl tərəfdaşlığına əsaslanan yeni inkişaf modeli müəyyənləşdirilməli, ixracyönümlü məhsul istehsalına nail olunmalıdır.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli bu işdə hər bir sahibkara uğurlar arzulayıb, investisiya qoyuluşunda fəal iştiraka dəvət edib.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov muxtar respublika iqtisadiyyatının dinamik inkişafında müsbət meyillərin getdikcə artdığını diqqətə çatdıraraq vurğulayıb ki, 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 550 milyon manatdan çox olub. 2024-cü ilin I rübü ərzində ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Nazir müavini qeyd edib ki, muxtar respublika iqtisadiyyatında şəffaflaşma məqsədilə 2024-cü ilin mart ayınadək yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirlərinin minimuma endirilməsi kimi yumşaq gücə üstünlük verilib. Ötən il 2022-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb. Eyni zamanda ötən bir il ərzində Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında müasir standartlara cavab verən və vergi orqanının təqdim etdiyi elektron xidmətlər göstərən vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. 2023-cü ildə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə, 2024-cü ilin I rübü ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 2023-cü ildə özəlləşdirmədən daxilolmalar 2,3 milyon manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2024-cü ilin I rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 12,3 dəfə, özəlləşdirilən əmlakların sayı isə 6 dəfə artıb.
Abbas İsmayılov vurğulayıb ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına, 3,5 faizi isə xidmət sahələrinə yönəldilib. 2024-cü ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 33,3 faiz, verilmiş güzəştli kreditlərin məbləği isə 2,5 dəfə artıb. Ötən il muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən real sektora 130,4 milyon manatdan çox kredit verilib ki, bu, 2022-ci ilin müvafiq göstəricisindən 2,7 dəfə çoxdur.
Dövlət dəstəyi ilə sahibkarların yerli və xarici ölkələrdə keçirilən biznes-forum, sərgi və konfranslarda iştirakının təmin edilməsi ixracın artmasına əlverişli şərait yaradıb, 2023-cü ildə Naxçıvanda istehsal olunan qida sənayesi, kənd təsərrüfatı, tikinti və mebel məhsulları 9 ölkəyə ixrac edilib. 2023-cü ildə verilmiş mənşə sertifikatlarının sayı 2022-ci illə müqayisədə 24,4 faiz, 2024-cü ilin ilk rübü ərzində bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb. Bu işlərin davamı olaraq Türkiyə Respublikası ilə ticarət əməliyyatlarında yarana biləcək çətinliklərin operativ həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin məsul nümayəndələrindən ibarət işçi komissiyası yaradılıb. Abbas İsmayılov Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı ticarət nümayəndəsi Tamerlan Tağıyevin təbriklərini çatdırıb.
İqtisadiyyat nazirinin müavini Abbas İsmayılov Sahibkarlar Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafında göstərdiyi xidmətlərə görə bütün sahibkarlara təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası sahibkarlarını təmsil edən Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da tədbirdə çıxış edərək muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, dövlətimiz sahibkarlıq mühitinin inkişafı məqsədilə ardıcıl tədbirlər görür, onlara davamlı dəstək mexanizmi tətbiq olunur. Bu imkanlardan istifadə edən sahibkarlar muxtar respublikada əldə olunan iqtisadi inkişafa mühüm töhfələr verirlər.
Tədbirdə “Ləzzət Qida Sənaye” ММC-nin direktoru Teymur Rzayev dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndirib.
Sonra Sahibkarlar gününə həsr olunmuş film nümayiş olunub.
Tədbirdə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 26 aprel 2024-cü il tarixli Sərəncamı ilə sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən Səxavət Hümbətov, Namiq Novruzov, Seyfəddin Rəhimov və Teymur Rzayev “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar. Təltif olunan sahibkarlara nişanları təqdim olunub.
Tədbirdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, problemləri qeydə alınıb.
Sonda Türkiyə Respublikası tərəfindən tətbiq olunan sərhədyanı ticarət rejimi, Türkiyə Respublikası tərəfindən muxtar respublikaya tətbiq olunan güzəştli ticarət rejimi, muxtar respublikada istehsal olunan məhsulların ixrac prosedurları və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verilən saytının təqdimatları olub.