Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqları subsidiyalaşdırılacaq

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin 2025-ci ilin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.

Vergi Məcəlləsinə dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı”na qarşı mübarizədir. "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir.

Sosial güzəşt tədbirləri kimi 2026-2036-cı illərdə Naxçıvan Muxtar Respublikasının rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlər tərəfindən ödənilmiş (işçilərə görə) məcburi dövlət sosial sığorta haqlarının 2026-2029-cu illər üzrə 100 faizinin, 2029-2032-ci illər üzrə 80 faizinin, 2032-2034-cü illər üzrə 60 faizinin, 2034-2036-cı illər üzrə isə 40 faizinin dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-dövlət sektoruna aid fərdi sahibkarların özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək dövlət büdcəsi hesabına tam subsidiyalaşdırılacaq. Neft-qaz, maliyyə və yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət sifarişi ilə işləyən podratçılar bu güzəştdən yararlana bilməyəcək. Naxçıvanda istehsal fəaliyyəti ilə məşğul olan podratçılar isə istisna təşkil edir və güzəştdən faydalana biləcəklər.