İqtisadiyyat naziri Kazım Hüseynəliyev bir sıra yerli istehsal müəssisələrinin fəaliyyətlərinə baxış keçirib

Oktyabrın 24-də yerli istehsal müəssisələrinin fəaliyyətinə və istehsal prosesinə baxış keçirilməsi, eləcə də sahibkarlıq fəaliyyəti zamanı ortaya çıxa biləcək çətinliklərin dinlənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Karton Tara” MMC, “Hilal” ət və ət məhsullarının istehsalı müəssisəsi və “Nehrəm Sənaye” MMC-də olub.

Müəssisə rəhbərləri və sahibkarlar tərəfindən nazirə istehsal fəaliyyəti, o cümlədən istehsal olunan məhsulların çeşidliliyi, istehsal və satış həcmi barədə ətraflı məlumat verilib.

Keçirilən görüşlərdə müəssisələrin fəaliyyəti ilə bağlı mövcud vəziyyət, istehsal imkanları, məhsulların satışının təşkili və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İstehsal potensialının genişləndirilməsi, müəssisələrin fəaliyyətinin optimallaşdırılması və mövcud imkanlardan səmərəli istifadə məsələləri diqqətə çatdırılıb.

Nazir Kazım Hüseynəliyev dövlət başçısı tərəfindən ölkəmizdə, o cümlədən muxtar respublikada sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini, sahibkarlara müxtəlif dəstək mexanizmləri vasitəsilə müvafiq köməkliyin təmin olunduğunu bildirib. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə və yerli istehsalın inkişafına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan nazir müəssisələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.