Dövlət Vergi Xidmətinin kollektivi Ordubad internat məktəbinin şagirdlərini bayram münasibətilə təbrik edib
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kollektivi Ordubad şəhərində yerləşən internat məktəbində olublar.
Tədbir çərçivəsində şagirdlər üçün əyləncəli proqram təşkil edilib, uşaqlar maraqlı və yaddaqalan vaxt keçiriblər. Dövlət Vergi Xidmətinin əməkdaşları məktəbliləri qarşıdan gələn bayramlar münasibətilə səmimi şəkildə təbrik edib, onlara təhsil və gələcək həyatlarında uğurlar arzulayıb. Sonda internat məktəbinin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial layihələrin icrasında fəal iştirak edir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd qayğıya daha çox ehtiyacı olan uşaqlara mənəvi dəstək göstərmək, onların bayram sevincini artırmaq və cəmiyyətin diqqətini sosial həssas qruplara yönəltməkdir.