Əmək müqaviləsi sizi qoruyur!
Əmək münasibətlərinin şəffaflaşdırılması və əmək haqlarının ağardılması
Ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində görülən genişmiqyaslı tədbirlər, xüsusən də “kölgə iqtisadiyyatı” ilə mübarizə qeyri-qanuni məşğulluğun qısa müddətdə ləğvini zərurətə çevirib. Əmək münasibətlərinin leqallaşdırılması, işçilərin işə yalnız rəsmi qaydada - əmək müqaviləsi bağlanmaqla cəlb edilməsi, o cümlədən maaşların ağardılması iqtisadiyyatın inkişafını təmin etməklə yanaşı, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına da mühüm töhfə verib. Əlamətdar haldır ki, əmək münasibətlərinin şəffaflaşdırılması üçün görülən işlər həm də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri ilə müşayiət olunub. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektoru və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar 8.000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bariz nümunəsidir.
Əmək münasibətlərinin rəsmiləşdirilməsi
Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.